General Zakir Həsənov: "Düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə onu işğal olunmuş torpaqlardan qeyd-şərtsiz tərk etməyə məcbur etməliyik!"
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrində olublar.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Zakir Həsənov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılan hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev mərasimdə çıxış edərək ölkə rəhbərliyi və Müdafiə Nazirliyi tərəfindən xüsusi təyinatlılara göstərilən etimada görə minnətdarlığını bildirib.
Əlamətdar gün münasibətilə Xüsusi Təyinatlı Qüvvələrin birləşmələrinin nümayəndələri qarşısında çıxış edərək müdafiə naziri bildirib: "Bu gün biz Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 16-cı ildönümünü qeyd edir və yeni yardılan hərbi birləşmələrə döyüş bayraqlarını təqdim edirik. Bu, qısa bir müddətdə düşmənə qarşı keçirilən uğurlu, parlaq fəaliyyətlərin nəticəsi olaraq, döyüşlərdə sınanmış xüsusi təyinatlılara ölkə rəhbərliyi tərəfindən verilən ən böyük qiymətdir.