Bu gün Binəqədi rayon Xocasən qəsəbəsi və qəsəbənin Sulutəpə yaşayış massivində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi təyinatlı qüvvələri, ağır texnika vasitəsilə fərdi yaşayış evlərini sökməyə başlayıblar. Söküntü əsasən Sulutəpədə yerləşən 313 saylı orta məktəbin ətrafında və yeni tikilməkdə olan Moskva Dövlət Universiteti kompleksi ətrafında həyata keçirilib.
Yerli əhalinin sözlərinə görə, onlara evlərinin söküləcəyi barədə hər hansı xəbərdarlıq edilməyib. Sadəcə hərbi geyimli, rezin dəyənəkli xüsusi təyinatlılar evlərin ya pəncərə, ya da qapılarını qıraraq içəri daxil olur. Sakinləri döyərək evdən çıxardıqdan sonra evləri əşyalarının üstünə uçururlar. Habelə ARDNŞ əməkdaşları xeyli yeni tikilən ev də söküblər.
Ərazidə söküntü işlərini aparan ARDNŞ nümayəndələri, "dövlət tədbirini həyata keçiririk" deməklə kifayətləniblər.
Eyni zamanda ərazidə çoxsaylı polis əməkdaşları da olub. Polis əməkdaşları hadisələri kənardan müşahidə edib və ya neft şirkəti əməkdaşları ilə əhali arasında münaqişənin qarşısını almağa cəhd ediblər.
Evlərin sökülməsinə etiraz edən əhali ilə ARDNŞ-nin xüsusi təyinatlıları arasında ayrı-ayrı məhəllələrdə toqquşmalar baş verdi. Çoxsaylı yerli sakin ağır zədə alıb. ARDNŞ əməkdaşları hadisə yerindən reportaj hazırlayan "Ayna"-"Zerkalo" qəzetlərinin, eləcə də RATİ-nin əməkdaşı İdrak Abbasova da fiziki təzyiq göstəriblər. Jurnalisti ölümlə hədələyiblər və ağır ifadələrlə təhqir ediblər. Neft şirkətinin əməkdaşları jurnalistə məxsus avtomobili də əziblər.