Daha bağışla deməyə üzüm yox. Allah öldürsün məni. Səni çox sevirəm, aşkım. Axı, söz vermişdim özümə ki, bir də xətrinə dəyməyəcəyəm. Daha utanıram da söz verməyə, vallah. Adam nə qədər yalançı olar, nə qədər söz verib tutmaz. Lap xəcalət çəkirəm. Anamcanı, başım necə qarışıbsa, görməmişəm zənglərini. Nolar, inan mənə, aşkım. Şair-yazıçıların yeyib-içmək məclisində ağız deyəni qulaq eşidir ki? Hamı danışır. Bilmirsən qulaq asan kimdir. O qədər zəng eləmisən, axırda telefonun zaryatkası qurtarıb və öz-özünə sönüb. Sən də düşünmüsən ki, bilə-bilə söndürmüşəm. Küsmüsən buna görə, ağlamısan, darıxmısan...
Bacın dedi, həmin gün yuxun gəlməyib, səhərə qədər yatmamısan. Zəng çatmayan nömrəmə çoxlu mesajlar yazmısan. Sonra cavab gözləmisən. Mesajlarını səhər-səhər yerimin içində oxudum. Yorğanımı başıma çəkib, xeyli gülümsədim də. Dəli sevgilim. Allah haqqı, bircə-bircə mesajların üzündən öpdüm. Sən çox təmizsən, əzizim. Çox. Hisslərin o qədər istifadə olunmayıb ki, "rədd ol, başımdan, məni bir də narahat eləmə!” mesajının ardınca "aşkım, nolar az iç, içki ziyandır” sözünü yazmısan. O sözünü qucaqlayıb, nə qədər ağladım. Mən əclafın yekəsiyəm, aşkım. Səni incitdiyimə görə.
Bayaqdan zəng eləyirəm. Telefonu niyə açmırsan? Baxdım, bloka da atmısan facebookda. Ay allah, nə edim? Bu gün də sevgililər günü. Bilirəm ki, darıxırsan. Hansı mahnılara qulaq asdığını da bilirəm. Özünə ayrı profil açıb statuslarımı izləyirsən, hə? Görüm nə yazır, vəziyyəti necədir? Adım kimi əminəm. Məsələn, elə bu yazımı oxuyan kimi zəng edəcəksən. Dəqiq. Özü də bilinməyən nömrəylə. Düzdür? Yüz faiz əminəm. Mənim həssas balacamsan. Çox dözə bilməzsən küsülü qalmağa. Həmişə deyirsən, niyə uşaq kimi baxırsan mənə? Uşaq deyiləm, axı. Balacam, uşaqsan da, hələ 18 yaşın var. Sən mənim bapbalacamsan, bapbalacam. Sənə ömür boyu uşaq kimi baxacağam. Səni heç vaxt böyüməyə qoymayacağam. Həmişə balaca qal. Adam böyüdükcə kirlənir, balacam, kirlənir.
O günü Sahil bağında görüşdük. Yadına gəlir? Hava da soyuq. Yadımdan çıxmaz o gün. Qar da bir yandan. Soyuq səni qucaqlamağım üçün yaxşı bəhanə oldu ha. İkimiz bir canda üşüdük. Qəfl üzümə elə sevgiylə baxdın ki, ürəyim titrədi. İstədim o sevgini götürüm üzündən. Özü də barmaqlarımın ucu ilə. Yavaşca. Tərpənmə, əzizim, nolar, tərpənmə, birdən üzündəki sevgi yerə yıxılar. Tozlanar. Birdən əzilər. Birdən qolu sınar. Balaca uşaqların domino daşlarıyla qurduğu evə oxşayır o sevgi. Nolar, gözlərini qəfl yumma. Yavaş yum. Birdən kimsə oğurlayar. Saçın üzünə dağılanda, ehtiyatlı ol. Sevgi üzdə olur həmişə. Üzünü təmiz saxla, əzizim. Üzünü təmiz saxla. Həmişə. Mən sənin üzünü sevirəm.
Uçub-dağılmışdım, sən təzədən qurdun məni, aşkım. O günü yediyin dönərin içindən bir ət götürüb ağzıma uzatmağın qurdu məni. Yanında olanda kəpənək əllərinlə üst-başımı təmizləməyin qurdu məni. Barmaqlarınla saçlarımı daramağın qurdu məni. Mən sınmağa meyilli adamam. Məni sınmağa qoyma, aşkım. Allah haqqı, elə bil pərt olmaqdan ötrü ölürəm. Qoyma pərt olum. Oturub çay içəndə ofisiant şokoladları, ləbləbiləri stolun üstünə yığanda etiraz elə. Pulumuz yoxdur, axı. Aşkım, utanıram ofisianta deyəm ki, bunları geri qaytar. Özümü sındırmaq istəmirəm. Mənim dillənməyim yaxşı deyil. Pis çıxır. Sən dillən. Denən, lazım deyil bunlar. Sadə çay istəyirik. Hətta desəm ki, qoy qalsın, qoy qalsın, sən razılaşma, denən, qalmasın. Yaxşımı?
Məni sənin gözündən salmaq üçün haqqımda çox söz deyə bilərlər. Heç kəsə inanma. Mənə inan. Bircə mənə. Həmişə inan. Həmişə. Başqa heç kim inanmasın mənə. Maraqlı deyil. Ömrünün axırına qədər inan mənə. Yalan desəm də, inan. Yalanıma da inan. Səni aldatsam, yenə inan. Səni atıb getsəm, inan ki, qayıdacağam. Sənə min dəfə söz verib, heç bir sözümün üstündə durmasam, inan yenə. Sənə xəyanət eləsəm də inan. Sev məni. Qədrini bilməsəm də, yenə tək qoyma. Heç vaxt tək qoyma. Evə gec gəlsəm, səhərə qədər gözlə. Görsən ki, gəlmədim, sən də yatma. Görsən ki, içib küçədə yatmışam, gəl uzan yanıma, əzizim, gəl uzan yanıma.
Həm mənim haqqımda sənə nə deyə bilərlər ki? Elə özüm deyirəm də. Mən avarayam, fərsizin biriyəm, gecələr evə gec gəlirəm, bəzən heç gəlmirəm də. Çoxlu içirəm. Gic-gic yazılar yazıram. Ağlıma gələn statusları döşəyirəm. Maaşım da çox az. Özümü güclə dolandırır. Pulum yox. Etibarsızam, yalançıyam, tərbiyəsizəm, ağzımı açanda söyüşlə açıram... Di bildin? De görüm, mənlə ömür çürütməyə hazırsan? Razısansa, gəl bir yerdə darıxaq, bir yerdə ağlayaq, bir yerdə sınaq, bir yerdə pərt olaq, bir yerdə üşüyək...
Söz verirəm, pulum olan kimi sənə qəfəsdə bülbül alacağam. Açıb buraxarsan havaya. Tullanıb əl çalarsan arxasınca, mənim balaca sevgilim.
Dünən aldığın ətirdən vurmuşam üstümə. Qəşəngdir. Çox sağ ol. Sevgililər günü hədiyyəsi. Özün niyə gəlmədin ki? Bacından yolladın. Guya ki, küssən, hə? Uşaq! Ətirin üstündə balaca kağızı da gördüm. Oxudum, yazdığın sözləri. O qədər səliqəylə yazmısan, sözləri o qədər aydın yazırsan ki, birdən nəyisə səhv başa düşərəm- deyə. Çox həssas. O nədir, karvalol da tökmüsən kağızın üstünə. Romanımdan götürmüsən bunu? Orada yazmışam ki, qız sevgilisinə yazdığı məktubun üstünə iki-üç damcı karvalol da tökür. Öpdüm o kağız parçasını, canım. Ovcuma alıb sıxdım üzümə. Səni çox sevirəm, əzizim! Çox, çox, çox, lap çox sevirəm. Dəli kimi, eşşək kimi, it kimi sevirəm. Ən çox da üzünü sevirəm, üzünü. O təmiz üzünü. Həmişə təmiz qal.
Aşkım, o qədər əminəm ki, məndən ayrıla bilməyəcəyinə. Düzdür, buna görə hərdən qudururam da. Yekəbaşlıq edirəm. Başlayıram özümü pisləməyə ki, əclafam, etibarsızam, yalançıyam... Aşkım, sən məni yaxşı tanıyırsan. Bilirsən necə adam olduğumu. Biz xoşbəxt olacağıq. Çox xoşbəxt. Pulumuz olmayacaq, amma təmiz üzümüz olacaq, baxıb doymaq üçün.
Narahat olma, evdəyəm. Oturub çay içə-içə yazı yazıram. İndi durub çiməcəyəm. Bu gün çıxmayacağam heç yana. Dünən məclisdəydim, çoxlu içmişəm. Dayımgil də bizdəymiş. Bir az dayımla ağızlaşdıq. O da şapalağı qulağımın dibinə necə ilişdirdisə, qan təzyiqim qalxdı. Çimib yatacağam. Məni sənin zəngin oyatsın bu qəşəng sevgililər günü, aşkım. Pulum olan kimi sənə qəşəng gül də alacağam. Söz.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев