SƏDAQƏTİM VAR
Bir yanar ürəkli dəli aşiqəm,
Dillərdə dolaşan hekayətim var.
Həyat nəşəsilə qaynayan ruhum,
Qəlblərə yol salan dəyanətim var.
Sönməyən atəşəm, bitməyən yanğın.
Dözümdə əksiyəm məğrur bir dağın.
Yora bilməz məni nə sel, nə daşğın,
Məhəbbətə inam, ibadətim var.
Sevgim ümmanlıdır, lövbərim həyat,
Xəyalən çapıram qanadlı bir at.
Nəğmələr söyləyir sevdiyim büsat,
Hələ yazılmamış nəqarətim var.
Tufanlar qoparan, sellər saxlayan,
Ürəkdən - ürəyə dolub çağlayan,
Mehrabı ellərə bərk - bərk bağlayan,
Dönməyən ülfətim, sədaqətim var.
müəllif Mehrab Gözəldərəli
02 04 2014
Bir Allah
Bir Allahın salamını bu gün ver,
Dünya elə bir axşamdı, bir sabah!
Şah da olsan qul haqqını itirmə,
Yeri göyü silkələyər bircə ah!
Qaranlıqda düsür imiş gün yada,
İltifat et bircə zərrə gün yada,
Bu gəlimli, bu gedimli dünyada,
Qalan elə bir savabdı, bir günah!
Cəza kimi qəbul etmə qisməti,
Nizamlamış ulu Tanrı nisbəti,
Əzrayılın dəyismir ki xisləti,
Köhnə qayda, min bir üsul, bir silah!
Şükr et bagla axşamı, aç sabahı,
Silinirmiş sükr edənin günahı,
Yerdəkindən göydə bezib İlahi,
Bəndə saysız, dərd hesabsız, bir Allah!
Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.
Taleyi əzəldən qara gətirir,
Ömrünün cavanlıq çağın itirir.
Həyatın ən gözəl bahar çağında
Qəlbində qəm əkir, kədər bitirir.
Ən gözəl qadınlar ən gözəl sevər,
Amma ki, sevilməz sevdiyi qədər.
Xəyanət acısı sızladar qəlbin,
Bu nəcür yazıdı, bu nəcür qədər?!
Ən gözəl qadını tanrı qısqanar,
Ən gözəl qadını tanrı sevməzmiş.
Ən gözəl qadına sahib olan kəs,
Heyif ki, qədrini heç vaxt bilməzmiş.
Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.
Kənan Rza
Hər payızın gözü yaşlı günü var
Yarpaqları damcı-damcı tökülər.
Ayrılığın dəmi yaman tünd olar
Ayılanda gözlər yola dikilər.
Gedən gəlməz, payız həsrət rəmzidi
Səadətlər qaranquştək köç edər.
Doqquz ayın sevgi dolu ömrünü
Payız gələr bir gecədə heç edər.
Unudulmaz payız ömrü insanın
Hər sağlığın son badəsi payızdı.
Nakam qalmış məhəbbətin, sevginin
Hırçın-hırçın ifadəsi payızdı.
Bizdə düşdük fələyin kəməndinə
Tora saldı bizi payız gecəsi.
Payız sehri ovsunladı sevgini
Bədbəxt oldu beləliklə neçəsi.
Daha mənə doğma gəlir hər payız
Hər payızda səni anıb içirəm.
Bu payızın soyuq keçir günləri,
Yarpaq-yarpaq bu dünyadan köçürəm.
Kənan Rza
Atasiz bir evde, ata yerine
Arxadir, dayaqdır insana qardaş
Qaranliq otaqda, zülmət gecədə
Nur saçar evinden, cahana qardaş
*
Həmişə, her zaman olub yanimda
Gəzər damarimda, cisim də, qanda
En ağır günümdə O, dar meqamda
Hem ata olubdu, hem ana qardaş
*
Gül bilməz her dağda, daşda biteni
Gəzər qürbət eli, sevər veteni
Sağalmaz xəstəlik tapanda meni
Duara keşiyimdə, dayana qardaş
*
Pərviz də qocalir, bax, ilden-ile
Ömrümu pay verəm, yüz yerə bölə
Ay dostlar, lap ölüb getsemde bele
Mezarim başında dolana qardaş
(Pərviz Dağlaroğlu 09.01.2018)