Vəfasız.
Deyirlər ilk sevgidən gülməyənlər,
Ömrün sonuna dək qəmli gəzərlər,
O gün qulağıma çatdı bir xəbər,
Eşitdim bədbəxtsən sən də, vəfasız.
O pak sevgimizi verəndə bada,
Düşünərək qərar vermədin sada,
Sandın ki, tək məni salırsan oda,
Özün də qalmadın gendə, vəfasız.
Çevirdin üzünü unut deyərək,
Qaldı ürəyimdə hər arzu, istək,
O ilk eşqimizi naşı yolçutək,
Azdırdın dumanda, çəndə, vəfasız.
A zalım, arzumu vuranda daşa,
Təzəcə keçmişdim on doqquz yaşa,
O bahar ömrümü çevirdin qışa,
O vaxtdan ağlaram mən də, vəfasız.
İlk zərbəmi vurdun, xatakar kimi,
Mübarizəm, dünyam oldu dar kimi,
Dağların başına yağan qar kimi,
Çoxaldı saçımda dən də, vəfasız.
Mübariz Q