MƏNSİZ QALACAQDIR...
Mənsiz qalacaqdır,bu dünya bir gün,
Kiminsə gözünə yaş gələcəkdir.
Mənsiz qalacaqdır bu dünya bir gün,
Bir daş qəmli-qəmli dikələcəkdir.
Dodaqdan gülüştək silinər adım,
Ömür — sonu gələn, keçilən yoldu.
Dünya gəlişimdən xəbər tutmadı,
Bəlkə gedişim də xəbərsiz oldu.
Köçüb gedəcəyəm günün birində,
Hicran göyərəcək yerimdə mənim.
Kimlərinsə gizli cib dəftərində,
Öləcək telefon nömrəm də mənim.
Qara çərçivədən baxacaq şəklim,
Donuq gözlərimdə daldalanar qəm.
Sinəmdə duyğutək yatar əllərim,
Oyadıb son şeri yaza bilmərəm..