Gəlmədi
Bir dərdli çağımda qapını döydüm
“Bəri gəl”deməyə dilin gəlmədi.
Səndən başqa bir gümanım yox idi
Əlimdən tutmağa əlin gəlmədi.
Ürəyimin naləsini duymadın
Əzab verdin işkəncədən doymadın
Gözlərimə bir təbəssüm qıymadan
Gözündən umduğum selin gəlmədi
Sən həyatın bəxtiyarlıq anında
Mən zamanın mərhumiyyət qınında
Kərəmtək od aldım yandım yanında
Külümü yığmağa telin gəlmədi,
Mizani yol üstə könlü səfərdə,
Qalmayıb taqəti dözməyə dərdə
Elə bu məqamda elə bu yerdə
Ölüm fərmanına “bəlin” gəlmədi
Novruz Mizani Hafiz