Ananın naləsi ərşə ucaldı,
Atanın arzusu qəlbində qaldı,
Yaradan canını yaman tez aldı,
Tək qoydun sən bizi şəhid Kənanım.
Qəbrinin üstündə bacın ağlayır,
Qardaşın ürəkdə yasın saxlayır,
Yoxluğun ömürlük ürək dağlayır,
Ağlatdın hər gözü şəhid Kənanım.
Döyüşdə səngərdə yatıb, oyandın,
Düşmənin önündə məğrur dayandın,
Hərbidə ad qoyub, zəfər qazandın,
Aldın çox dağ, düzü şəhid Kənanım.
Otuz beş gün səndən xəbər çıxmadı,
O günlər nə yağış, nə qar yağmadı,
Külək də əsmədi, gün də doğmadı,
Qaraldı göy üzü şəhid Kənanım.
Nəhayət zəfərlə evinə gəldin,
Hamı qəm içində, sən isə güldün,
Sən uca zirvəyə yüksələ bildin,
Qoşqarın əzizi şəhid Kənanım.