AXŞAMÜSTÜ
Göylərdə kövrələn buludlar deyil,
Beynimin içinə dolan tüstüdü.
Bilirəm qarşıdan qaranlıq gəlir,
Yaman darıxıram, axşamüstüdü.
Qəlbin həm sevinci, həm də yası var,
Hər günün öz hökmü, öz dünyası var.
Ömrün səhəri var, günortası var,
Yaman darıxıram, axşamüstüdü.
Dünyanın üzünə gələndən bəri,
Həmişə sevmişəm nurlu səhəri.
Kimə xeyir verib axşamın şəri,
Yaman darıxıram, axşamüstüdü.
Alınmaz qalanı kim tikib görən,
Nə deyir hördürən, nə deyir hörən.
Geriyə qayıtmır qapıdan girən,
Yaman darıxıram, axşamüstüdü.
Səhər bu dünyanın hər şeyi təzə,
Günorta gözəllik gətirir gözə.
Axşam qaranlığı heç baxmır sözə,
Yaman darıxıram, axşamüstüdü.